Artıq otuz ilə yaxındır ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini – Dağlıq Qarabağ və yeddi rayonun qanunsuz işğalını davam edir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistanın hücumunu və Azərbaycan ərazilərinin işğalını pislədi və Ermənistanın təcavüzünə qarşı dörd qətnamə (822, 853, 874, 884) qəbul etməklə öz mövqeyini aydın və birmənalı olaraq ifadə etdi. Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyərək bütün hərbi əməliyyatların dayandırılmasını və işğalçı qüvvələrin bütün ərazilərdən birtərəfli qaydada çıxarılmasını tələb etdi. Buna baxmayaraq, Ermənistan yuxarıda qeyd olunmuş qətnamələrə əməl etmir və 1994-cü ildə imzalanmış atəşkəs razılaşmasını pozmaqda davam edir.
27 sentyabr tarixində səhər saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini artilleriya qurğularından atəşə tutub. Bu gün Ermənistan ordusu beynəlxalq humanitar hüququn müəyyən etdiyi tələbləri, o cümlədən Cenevrə Konvensiyasını kobud şəkildə pozaraq bilərəkdən Azərbaycanın Tərtər və Goranboy rayonlarında mülki əhalini hədəfə alır, mülki tikili və infrastrukturu, xəstəxanaları atəşə tutur.
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yüzlərlə mədəniyyət müəssisəsi – yüz mindən çox əsərin saxlanıldığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 700-dən çox tarixi və mədəniyyət abidəsi, o cümlədən, Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri, (VII-XII əsrlər), Kəlbəcərdə Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdamın Xaçın Türbətli kəndindəki məqbərə (XIV əsr), dünyanın ən qədim yaşayış yerlərindən biri sayılan Füzulidəki Azıx mağarası və Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilmişdir. İşğal olunmuş ərazilərdəki Azərbaycan tarixi və memarlıq komplekslərinin vandalizmə uğraması, məhv edilməsi və mənimsənilməsi bu gün də davam edir. Hal-hazırda Azərbaycan Ermənistan ordusunun hücumlarına, ədalətsizliyə, 30 illik işğalına son vermək üçün uğurlu əks-hücum əməliyyatı ilə cavab verir.
Azərbaycan silahlı qarşıdurmaların yaratdığı dağıntıların qarşısını almaq üçün təşkil olunmuş UNESCO kimi beynəlxalq qurumların fəal üzvüdür. 1954-cü il Haaqa Konvensiyası, 1972-ci il Ümumdünya İrs Konvensiyası və insan irsinin məhv olmasının qarşısını almağa yönəlmiş bir çox digər beynəlxalq müqavilələr mövcuddur. Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindəki mədəni irs nümunələrinin məhv və təhqir edilməsi yalnız Azərbaycan xalqına deyil, eyni zamanda bütün insanlığa qarşı törədilən vəhşilikdir. Bu vəhşi təcavüzə son qoymaq və daha çox dağıntıların qarşısını almaq yalnız Azərbaycanın deyil, bütün dünyanın narahatlığına səbəb olmalıdır.
Hörmətlə,
Şirin Məlikova,
Beynəlxalq Muzeylər Şurası (ICOM)
Azərbaycan Milli Komitəsinin sədri