Azərbaycan nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM) 1-7 sentyabr tarixlərində Yaponiyanın Kiota şəhərində keçiriləcək 25-ci Baş Konfransında iştirak edəcəkdir
1−7 sentyabr tarixlərində Yaponiyanın Kiota şəhərində Beynəlxalq Muzeylər Şurasının (ICOM) növbəti 25-ci Baş Konfransı keçiriləcəkdir. 1948-ci ildən bəri hər üç ildən bir keçirilən bu konfrans beynəlxalq muzey ictimaiyyətini əhəmiyyətli bir mövzu ətrafında fikir mübadiləsi aparmaq uçün toplayır və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədini daşıyır.
Bu il “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi altında keçiriləcək konfransda dünya ölkələrindən çox sayda muzey mütəxəssisləri iştirak edəcəkdir. ICOM Azərbaycan Milli Komitəsinin 19 üzvü, onlardan 14-ü iştirakçı və 5-i məruzə ilə konfransa qatılacaqdır.
Konfrans çərçivəsində gənc muzey mütəxəssisləri üçün keçiriləcək mentor sessiyalarından birini aparmaq üçün ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova xüsusi dəvət almışdır. Belə ki, o, konfransda məruzə ilə çıxışından başqa, eləcə də gənc muzey mütəxəssisləri ilə öz təcrübəsini bölüşmək üçün Muzey İdarəçiliyi mövzusunda sessiyanı aparacaqdır.
Konfransda ICOM Azərbaycan Milli Komitəsi ICOM-un İdarə Heyətinə üzv seçilmək üçün irəli sürdüyü namizəd, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova ilə seçkilərdə iştirak edəcəkdir.