1-3 dekabr tarixlərində Doha şəhərində Qətər Muzeyləri, Beynəlxalq Muzeylər Şurasının (ICOM) Qətər üzrə Milli Komitəsi və ICOM-Ərəb Regional Alyansı, Beynəlxalq Muzeyşünaslıq Komitəsi (ICOFOM) ilə birgə əməkdaşlıq edərək "Dəyişən Dünyada Muzeylərin gələcəyi və muzeyşünaslıq təcrübələri" mövzusunda genişmiqyaslı konfrans keçirilib.
Dünyanın bir çox aparıcı muzeyşünaslarının,muzey rəhbərləri və kuratorlarının iştirakı ilə keçirilən konfransda muzeyşünaslığın nəzəri əsaslarının tədqiqi, müasir muzeyşünaslığın əsas istiqamətlərinin təhlili, muzeylərin kolleksiyalarının daimi zənginləşdirilməsi və rəqəmsal texnologiyaların tətbiqi, icmalar arasında əlaqələrin yaradılması, dayanıqlı gələcəyin qurulmasında mədəni məkanların rolu və s. mövzularda geniş müzakirələr, panel sessiyalar keçirildi.
ICOM Azərbaycan Milli Komitəsinin vitse-prezidenti, Heydər Əliyev Mərkəzinin Layihələrin idarə edilməsi departamentinin rəhbəri, COP29 Azərbaycan Əməliyyat Şirkətinin Art curatoru Nərgiz Abdullayeva və ICOM üzvü, sərgilərin təşkili üzrə ekspert, sənətşünaslıq üzrə fəlsəfə doktoru Altun Mikayıllı "Təcrübə vasitəsilə muzeylərin gələcəyi" mövzusuna həsr olunan panel sessiyada "Təbiətin simvolları: Azərbaycanın bədii irsi muzeylərdə" adlı təqdimatla çıxış edib.