Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin növbəti plenar iclası keçirilib. Gündəlikdə olan əsas məsələ 2024-2026-cı illər üzrə birliyin yeni sədr və Rəyasət Heyətinin seçilməsi olub.
İclası birliyin sədri, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova açaraq, son üç il ərzində birliyin fəaliyyəti, görülən işlər və əldə olunan nəticələr barədə məlumat verib.
Birliyin mühasibi Könül Abbasova isə sözügedən dövr üzrə maliyyə hesabatını təqdim edib.
Seçki əsasında “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin Rəyasət Heyətinin yeni tərkibi aşağıdakı kimi təsdiqlənib:
Sədr:
Əsmər Babayeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti;
Sədr müavinləri:
Emin Məmmədov, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri;
Nərgiz Abdullayeva, Heydər Əliyev Mərkəzinin Layihələrin idarəedilməsi departamentinin direktoru;
Vüqar İsayev, Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru;
Üzvlər:
Tural İbrahimov, “Suraxanı” gəmi-muzeyinin direktoru;
Nigar Rəhimli, Heydər Əliyev Mərkəzində Elmi araşdırmalar və təbliğat şöbəsinin müdiri.
Məsul katib:
Günay Səfərova, Media Təhlil Mərkəzində Mədəni layihələr üzrə ekspert.
Daha sonra muzey işi sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Rəyasət Heyətinin əvvəlki üzvlərinə təşəkkürnamə təqdim edilib.