Beynəlxalq Muzeylər Günü münasibətilə beynəlxalq videokonfransın açılış mərasimi keçirilib. Beynəlxalq Muzeylər Şurasının (ICOM) Pakistan Milli Komitəsi və KUMID Türkiyənin təşkil etdiyi konfransın məqsədi muzey sahəsində çalışan mütəxəssisləri yaxınlaşdırmaq, muzeylərin idarə olunması və mədəni irsin qorunması ilə bağlı təcrübə mübadiləsidir.
Konfransın ilk sessiyası ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə baş tutub. Sessiyada Beynəlxalq Muzeylər Gününün builki devizinə uyğun olaraq “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” adı altında “Rəqəmsal transformasiya”, “Sosial aktuallıq və davamlılıq”, “Yeni biznes modelləri” kimi mövzularda məruzələr dinlənilib. Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova, “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova və YARAT Müasir İncəsənət Məkanının kuratoru Fərəh Ələkbərli, eləcə də Lahorun Təbiət Tarixi Muzeyinin baş meneceri Avais Malik, Banqladeş Milli Muzeyinin keçmiş baş direktoru və ICOM Banqladeş İdarə Heyətinin üzvü Fayzul Latif Çoudhari və Yeni Delhidə Prezident Ev-Muzeyinin direktor müavini Pankaj Protim Bordoloi cıxış ediblər.
Qeyd edək ki, ICOM-un 32 müxtəlif ölkədən olan milli komitələrinin, ayrı-ayrı mədəniyyət təşkilatlarının və universitetlərin əməkdaşlığı ilə keçirilən konfrans qruplar üzrə sessiyalarla noyabr ayınadək davam edəcək.