17-19 may 2019-cu il tarixlərində ICOM Azərbaycan Milli Komitəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Park Bulvar AVM ilə birgə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və məşhur təbii zeytun yağları brendi olan “Zeytun bağları”nın maliyyə dəstəyi ilə “Muzeylər Park Bulvarın qonaqları” devizi altında muzey festivalı keçirtdi.
Tədbirdə ölkənin 12 muzeyi - Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, “İçərişəhər” Muzey Mərkəzi, Üzeyir Hacıbəylinin Ev-muzeyi, Səməd Vurğunun Ev-muzeyi, Bülbülün Memorial Muzeyi, Leopold və Mstislav Rostropoviçlərin Ev-muzeyi və Azərbaycan Gömrük Tarixi Muzeyi iştirak etmişdir.
Üç gün ərzində Azərbaycan Xalça Muzeyi qonaqlara toxuculuq üzrə ustad dərslər (suvenir xalça, çətən, şəddə), interaktiv təhsil proqramları, uşaqlar üçün “Şəngülüm, Şüngülüm, Məngülüm” tamaşasını, Azərbaycan Milli İncəsənət Muzeyi “Sənətin Məcnunu” pantomiması, Kölgə teatrı, rəsm üzrə ustad dərslər, viktorina, “İçərişəhər” Muzey Mərkəzi interaktiv xınayaxdı mərasimi, “Bakılı qaqaş” tipajı ilə nərd oyunu, “Şivanşahlar dövlətinin vəziri” ilə şahmat oyunu və Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında konsert proqramı, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi fortepiano konserti, "Detaşe" violinoçular ansamblı, “Şirvan” folklor ansamblı və “Qədim musiqi alətləri” ansamblının ifasında konsert proqramları, Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi klassik musiqi əsərlərindən ibarət konsert proqramı, Səməd Vurğunun Ev-Muzeyi şairin şeirlərindən ibarət musiqi və şeir nömrələri, Üzeyir Hacıbəylinin Ev-Muzeyi bəstəkarın “O olmasın, bu olsun” operettasından məktəblilərin ifasında səhnəcik, Bülbülün Memorial Muzeyi Bülbül adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin iştirakı ilə konsert proqramı, Azərbaycan İstiqlal Muzeyi “Ənənədə aşıq sənəti” adlı Dirili Qurbani Məclisi üzvlərinin ifasında konsert proqramı təqdim etdilər.
Ümumilikdə festivalda ustad dərsləri, tamaşalar, konsertlər, müsabiqələr, oyunlar və s. kimi 29 proqram təşkil olunmuşdur. Festival Beynəlxalq Muzeylər Gününə həsr edilmiş və bayramın “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” adlı builki devizinə uyğun olaraq paytaxt sakinləri və qonaqları üçün hədiyyə oldu.
ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikovanın qeyd etdiyi kimi, “Tədbirimizin əsas ideyası muzeyin ziyarətçilərə qonaq gəlməsidir və bu ideya tamamilə özünü doğrultdu. Park Bulvarda keçirilən bu təmtəraqlı tədbir əsl muzeylər paradı, böyük beynəlxalq muzey eksposunun kiçik variantıdır. Azərbaycan tamaşaçısı üçün yenilik olan bu tədbiri Park Bulvar ziyarəçiləri böyük həvəslə qarşıladı. Festival əsasən muzeyləri ziyarət etməyən, hazırlıqsız kütlə üçün nəzərdə tutulmuşdur. Məqsədimiz insanlarda muzey haqqında formalaşmış stereotipləri aradan qaldırmaq və apardığımız rəngarəng fəaliyyəti göstərmək idi. Böyük monitorda layihədə iştirak edən bütün muzeylər haqqında videoçarxlar göstərilmiş, həmçinin hər iştirakçı-muzey özü haqqında ayrıca video-təqdimat nümayiş etdirmişdi. Bu, ev muzeyləri kimi kiçik mədəniyyət ocaqlarının təbliği baxımından olduqca vacibdir. Çünki böyük muzeylər tanınır və daim ziyarət olunur. Park Bulvarda keçirilən tədbirlərimizdə uşaqların iştirakı xüsusilə sevindiricidir. Layihələrimizə daim dəstək olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, eləcə də Park Bulvar AVM-nin rəhbərliyinə, sponsorlarımız - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, “Zeytun bağları” brendinə minnətdarlığımı bildirirəm”.
ICOM Azərbaycan Milli Komitəsinin 25 ildən çox tarixi var. Bu dövr ölkənin muzey ictimaiyyətinin inkişafı və onun beynəlxalq muzey birliyinə inteqrasiyasına yönəlmiş işlərlə əlamətdar olmuşdur.
ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə Bakıda bir sıra beynəlxalq muzey konfransları keçirilmişdir.
2018-ci ilin oktyabr ayında burada ICOM Beynəlxalq Muzeylər Şurasının Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD) və Tarixi ev muzeyləri (DEMHIST) üzrə beynəlxalq komitələrinin “Dekorativ sənət və interyer” adlı konfransı keçirilmişdir. Həmin konfrans çərçivəsində ICOM Beynəlxalq Muzeylər Şurasının prezidenti Suay Aksoy Azərbaycanı ilk dəfə ziyarət etmişdir.
ICOM Azərbaycan Milli Komitəsi gənc muzey əməkdaşlarının peşəkarlıq səviyyələrinin artırılmasına xüsusi diqqət ayırır. Belə ki, onlar mütəmadi olaraq ixtisasları üzrə beynəlxalq təlimlərə göndərilir.
Hal-hazırda ICOM Azərbaycan Milli Komitəsi sentyabr ayında Yaponiyanın Kioto şəhərində keçiriləcək ICOM-un Baş Konfransında iştirak etmək üçün nümayəndə heyətinin hazırlıq işləri ilə məşğuldur.