24 iyun 2026-cı il tarixində Fransanın paytaxtı Parisdə, UNESCO-nun Baş Qərargahında Beynəlxalq Muzeylər Şurasının (ICOM) İllik Toplantıları keçirilib.
ICOM-un yaradılmasının 80 illik yubileyi çərçivəsində təşkil olunan tədbir dünyanın müxtəlif ölkələrindən muzey və mədəni irs sahəsində fəaliyyət göstərən mütəxəssisləri, milli komitələri, beynəlxalq təşkilatların və muzey institutlarının nümayəndələrini bir araya gətirib.
İllik Toplantılarda müasir muzeylərin qarşısında duran əsas çağırışlar, muzeylərin gələcək inkişaf perspektivləri, mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi, muzeylərdə inklüzivliyin və əlçatanlığın təmin olunması, rəqəmsal texnologiyaların tətbiqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və muzeylərin cəmiyyətin inkişafındakı rolu ilə bağlı aktual məsələlər müzakirə olunub.
Tədbirdə Beynəlxalq Muzeylər Şurasının müxtəlif milli və beynəlxalq komitələrinin nümayəndələri ilə yanaşı, ICOM Azərbaycan Milli Komitəsi də iştirak edib.
ICOM Azərbaycan Milli Komitəsinin sədri Əsmər Babayeva və nümayəndə heyəti tədbir çərçivəsində beynəlxalq muzey ictimaiyyətinin nümayəndələri ilə bir sıra görüşlər keçirib, Azərbaycan muzeylərinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, ölkəmizin muzey və mədəni irs sahəsində əldə etdiyi təcrübənin beynəlxalq platformalarda təqdim olunması və birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıb.
Görüşlər zamanı Azərbaycan muzeylərinin ICOM-un beynəlxalq fəaliyyətində daha fəal iştirakının təmin edilməsi, qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi, peşəkar inkişaf və təlim proqramlarının təşkili, beynəlxalq tədbirlərdə Azərbaycan muzeylərinin təmsilçiliyinin artırılması, eləcə də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən yeni beynəlxalq layihələrin hazırlanması və həyata keçirilməsi məsələləri diqqət mərkəzində olub.
Səfər çərçivəsində ICOM Azərbaycan Milli Komitəsinin nümayəndələri ICOM-un Prezidenti Antonio Rodriges və İdarə Heyəti ilə də görüş keçiriblər. Görüş zamanı Azərbaycan ilə ICOM arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Azərbaycan muzeylərinin beynəlxalq muzey ictimaiyyəti ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, ölkəmizdə muzey işi və mədəni irsin qorunması sahəsində həyata keçirilən layihələrin beynəlxalq səviyyədə təşviqi, həmçinin ICOM-un dəstəyi ilə yeni əməkdaşlıq və birgə layihələrin reallaşdırılması istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan muzeylərinin beynəlxalq layihələrdə və ICOM-un müxtəlif proqramlarında iştirakının genişləndirilməsinin, qarşılıqlı əməkdaşlığın institusional əsaslarının daha da gücləndirilməsinin və gələcəkdə Azərbaycan ərazisində beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi imkanlarının araşdırılmasının əhəmiyyəti vurğulanıb.
Paris görüşləri çərçivəsində əldə olunan razılaşmaların və aparılan müzakirələrin gələcəkdə Azərbaycan muzeylərinin beynəlxalq layihələrdə iştirakının genişləndirilməsinə, peşəkar əlaqələrin inkişafına və ölkəmizin muzey sahəsində beynəlxalq əməkdaşlığının daha da möhkəmləndirilməsinə töhfə verəcəyi gözlənilir.
ICOM-un 80 illik yubileyi çərçivəsində keçirilən İllik Toplantılar həmçinin beynəlxalq muzey ictimaiyyətinin qarşıdakı dövr üçün prioritetlərini müəyyənləşdirmək və muzeylərin dəyişən dünyada rolunu yenidən nəzərdən keçirmək baxımından mühüm platforma kimi diqqət çəkib.


