Böyükdaş, Kiçikdaş və Cingirdağ dağlarının ərazisini əhatə edən Qobustan qoruğu bu dağlardakı qayaüstü rəsmləri qorumaq üçün 1966-cı ildə yaradılmışdır. Bu qayaüstü rəsmləri isə 1939-cu ildə arxeoloq İshaq Cəfərzadə aşkar etmişdir. 2007-ci ildə Qobustan qayaüstü rəsmləri UNESCO-nun “Dünya Mədəni İrsi” siyahısına salınmışdır.
Qobustanda Üst Paleolit dövrünü
n sonundan son Orta əsrlərədək olan dövrü əhatə edən, təxminən 15 000 il ərzində yaradılmış, 6000-dən çox petroqlif aşkar edilmişdir. Arxeoloji qazıntılar nəticəsində qoruq ərazisində 20-yə yaxın yaşayış məskəni və 40 kurqan aşkar edilmişdir. Arxeoloji qazıntılar zamanı əldə olunmuş 100000-dən çox artefakt qoruğun fondlarında qorunur.
2011-ci ildə Qobustan qoruğunda yeni muzey binası tikilib istifadəyə verilmişdir. Muzeydə dünya qayaüstü incəsənəti və Qobustan abidələri haqqında geniş məlumat əldə etmək olar. Muzey 12 ekspozisiya zalından ibarətdir. Sensor ekranlı monitorlar və 3D elementlərlə zəngin muzeydə dünyanın müxtəlif guşələrində olan qayaüstü incəsənət nümunələri, Qobustanın minilliklər ərzində dəyişən təbii mühiti, burada aparılmış arxeoloji qazıntılar, daş dövrü insanlarının həyat tərzi və incəsənəti, Qobustan petroqliflərinin xronologiyası və mənası və s. haqqında məlumat almaq olar.
Mövzu cəhətdən Qobustan qayaüstü rəsmləri öz zənginliyi ilə fərqlənir. Bunlar əsasən kişi və qadın, ibtidai öküz, tur, maral, ceyran, şir, donuz və s. təsvirləridir. İlan, kərtənkələ, ulduz, svastika, xaç, müxtəlif damğalar da qeydə alınmışdır. Eyni zamanda ov səhnələri, keçilərin döyüş səhnələrinə də rast gəlmək olar.
Qobustanda Üst Paleolit dövrünün sonuna aid edilən profildən çəkilmiş qadın rəsmləri ən qədim rəsmlər
hesab olunur. Həmçinin bu dövrə aid vəhşi öküz rəsmləri bu heyvanın o dövrün insanlarının həyatında vacib rol oynadığı qənaətinə gəlməyə imkan verir. Mezolit dövrünə aid edilən ox və kamanla silahlanmış ovçu rəsmləri, Neolit dövrünə aid əhilləşdirilmiş inək rəsmi, Tunc dövrünə aid keçi rəsmləri insanların minillər ərzində Qobustanda yaşadığına və qayaüstü incəsənətini yaşatdığına işarədir.
Bundan əlavə, Qobustan qoruğu ərazisində Azərbaycanın orta əsrlər tarixinin müxtəlif dövrlərinə aid olan ərəb əlifbası ilə həkk olunmuş yazılar və I əsrin sonunda XII ildırımsürətli Roma legionunun burada olmasını təsdiq edən qədim Roma yazısı vardır.
Neolit dövrünə aid kollektiv rəqs səhnələri və qədim musiqi aləti Qavaldaş Qobustanda tək qayaüstü incəsənətin deyil musiqinin də mövcud olduğunun təsdiqidir.