“İçərişəhər” tarixi muzeyi Azərbaycan Respublikası prezidentinin 20 may 2007-ci il 8 nomreli sərəncamına əsasən yaradılmışdır. Əsas funksiyası YUNESKO-nun “Dünya İrs Siyasını”na daxil edilmiş “İçərişəhər”in qədim dövrlərdən bu günədək çoxəsrlik tarixini əks etdirən milli maddi-mədəniyyət abidələrinin toplanıb mühafizə edilməsi, qədim şəhər haqqında biliklərin əhalinin geniş təbəqələri arasında yayılması və təbliğinin aparılmasıdır.
2012- ci ildə “İçərişəhər” tarixi muzeyi kollektiv şəkildə Beynəlxalq muzeylər şurasına üzv olmuş və bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir. Muzeyin fəaliyyətdə olan üç ekspozisiyası vardır; Qız qalası, Numizmatika və Sıratağlı dini –memarlıq kompleksi.
Qız Qalası
Bir çox şəhərlərdə onların rəmzi sayılan görməli yerlər var. Məsələn, Parisi dünyanın ən çox ziyarət olunan turizm obyektlərinin biri- Eyfel qülləsi olmadan təsəvvür etmək mümkün deyil. Nyu-York və ABŞ-I təcəssüm etdirən məşhur Azadlıq heykəli daha hansı mədhiyyələrə layiq görülməyib. Londona gələn hər kəs mütləq Böyük Britaniya paytaxtının ən məşhur memarlıq abidəsi olan Biq Ben qülləsinin fonunda fotoşəklini çəkdirməyi özünə borc bilir. Moskvaya səfərə gələn hər bir şəxs Vasili Blajenni məbədi və Kreml qüllə saatının şəklini çəkmək üçün Qızıl Meydana üz tutur. Bakının isə rəmzi YUNESKO-nun Ümumdünya irs obyektləri siyahısına daxil edilmiş, qədim nadir tikili olan Qız Qlasıdır. Hər il keçirilən Beynəlxalq “Qız qalası” İncəsənət Festivalı insanları bu nadir, möcüzəli şəkildə salamat qalmış tarixi abidə ətrafında birləşdirmək məqsədini güdür. YUNESKO - nun “Ümümdünya İrsi” siyahısında yer almış dünya şöhrətli Qız Qalası muzey məbəd olaraq təyinatını indiyədək qoruyub saxlamışdır .
Bakı Qız Qalası Xəzər dənizinin kənarında dənizə doğru maili nəhəng bir qayanın üzərində, silindirik fоrmada tikilmişdir. Dəniz tərəfdən uzunsоv bir dayaq (kоntrfоrs) оna əlavə еdilmişdir. Bakının simvolu tikilmə tarixi e.ə. VIII-VII eramızın XII əsrinə aid edilən qalanın hündürlüyü şimal tərəfdən 31, cənub tərəfdən isə 28 metrdir. Qalanın diamеtri birinci mərtəbədə 16,5 metrdir. Birinci mərtəbədə divarın qalınlığı (еni) 5 metrə çatır. Qalanın daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Qalanın birinci mərtəbəsinin hündürlüyü 3, digər mərtəbələrin hündürlüyü isə оrta hеsabla 2,5 metrdir. Mərtəbələr arası əlaqə Qalanın cənub-şərq divarının içərisində düzəldilmiş pilləkənlər vasitəsilə saхlanır. Maraqlı burasıdır ki, birinci mərtəbə ilə ikinci mərtəbə arasında əlaqə yaratmaq yalnız tavanda оlan dairəvi dеşikdən nərdivan və ya ip vasitəsilə mümkündur. Bakı Qız Qalasının tikinti quruluşunda maraqlı cəhətlərdən biri də Qalanın içərisində qayadan оvulub düzəldilmiş su quyusudur. Diamеtri 0,7 m. оlan bu quyu Qalanın cənub-şərq divarının içindədir. Su quyusunda qazıntı işləri aparılmışdır. Quyudan tapılan maddi-mədəniyyət qalıqları buradan XII əsrdən başlayaraq istifadə оlunduğunu göstərir. Hesablamalar nəticəsində məlum olmuşdur ki, quyunun dəniz suyu səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Quyunun suyu kimyəvi analiz olunmuş, оnun içmək üçün tam yararlı оlması müəyyənləşdirilmişdir.
Qız qalasının nə məqsədlə istifadə olunmasına dair müxtəlif fərziyyələr vardır. Onun müdafiə istehkamı, rəsədxana, zərdüşlük məbədi kimi tikilməsi ehtimalları çoxdur. Güclü küləklərin və atmosfer yağıntıların təsiri ilə qədim abidənin fasadındakı daşlar əsrlər ərzində zədələnir, onların arasındakı məhlul isə yuyulurdu. Yaranmış boşluqlarda isə uzunqanad adlı (lat. Apus apus) quşlar yuva salıblar. Sonralar aparılmış bərpa və konservasiya işləri zamanı uzunqanad quşlar üçün Avropada hazırlanmış 500-dən artıq yuva alınaraq Qız Qalasının yaxınlığındakı binanın fasadına quraşdırılıb. Qız Qalasında 250-300 uzunqanad yuva salmışdır, süni yuvaların sayı bundan təxminən iki dəfə artıqdır. 2015- ci ildə isə Qız qalası Avropa Muzeylər forumunun “İlin ən yaxşı muzeyi” müsabiqəsində 44 muzeyi sırasında yer alıb.
Numizmatika ekspozisiyası
Muzeyimiz, tarixçəsi XIV əsrə aid olan “Çin” məscidində yerləşir. Ekspozisiyada sikkə zərbi, pul çəki sistemləri , pul dövriyyəsi tarixini və eləcə də qədim pulları öyrənən numizmatika elmi təbliğ edilir. Azərbaycan da dünyada pul mübadiləsindən istifadə edən ən qədim məkanlardan biridir. Hal-hazırda bizim üçün dəyərini itirmiş kimi görünən pul sikkələrinin əslində çox zəngin bir tarixə malik olmasını bilmək necə də maraqlı olardı. Onlar illərlə formadan-formaya düşərək öz ölçüsünü, çəkisini dəyişib bizim zəmanəmizə gəlib çatmışdır. Azərbaycan hər zaman başqa ölkələrin maraq dairəsində olduğundan bu ərazi vaxtaşırı xarici dövlətlərin hücumlarına və basqınlarına məruz qalırdı. Arxeoloji qazıntılar zamanı aşkar olunmuş çoxlu sayda sikkə nümunələri də bu faktı təsdiqləyir. Ekspozisiyada Şirvanşahlar, Səfəvilər, Əfşarilər, Azərbaycan Xanlıqları dövrünə məxsus qızıl, gümüş və mis pul sikkələri xüsusi diqqət cəlb edir. Burada maraqlı tərəflərdən biri də Albaniya, Parfiya, Roma, Bizans və Ərəb xilafətinə aid olan pul nümunələridir. Bu muzeyinin ekspozisiyasında öz rəngarəngliyi və maraqlı tarixçəsi ilə seçilən pul sikkələri arasında qədim dövrə xüsusilə, Bizans dövlətinə aid qızıl pul sikkələrinin xüsusi bir guşədə qorunub saxlanması ekspozisiyaya olan diqqəti xeyli artırır. Muzeyin ekspozisiyasında müxtəlif zamanlarda dövriyyədə olmuş sikkələr, dəfinələr qorunub saxlanılır və nümayiş olunur.
Orta əsrlər dövründə xarici ölkələrlə ticarətin güclənməsi, gümüş pulların dünya bazarına çıxarılması Azərbaycanın xarici ölkələrlə əlaqəsindən xəbər verir, bu da özünü o ölkələrə məxsus pul sikkələrinin muzeydə qorunub saxlanılması və nümayiş olunmasında təsdiqini tapır.
Ekspozisiyada müxtəlif dövrlərdə dövriyyədə olmuş pul sikkələri ilə yanaşı həm də ən qədim zamanlarda pul əvəzləyicisi kimi istifadə olunan əmtəə mübadiləsi vasitələri ,tunc dövrünə aid olan bəzək nümunələri , Hind okenından gətirilən kauri balıqqulaqları, təbii vulkanik mənşəli dəvəgözü-obsidian daşlarının toplanılıb nümayiş olunması muzeyə gələn hər bir qonaqda gözəl təəssürat yaradır.
Sıratağlı dini-memarlıq kompleksi
Dini məqsədlər üçün inşa edilən bu məkan xüsusilə, minilliklər ərzində Azərbaycan ərazisində bir-birini əvəz edən dinlər üçün müqəddəs ibadətgah rolunu oynamışdır. Vaxtı ilə bu məkanda atəşpərəstlik məbədi, orta əsrlərdə sufi xanəgahı fəaliyyət göstərib.Abidə 1964- cü ildə arxeoloqlar tərəfindən qazıntılar zamanı aşkarlanmışdır.
Ekspozisiyada təqdim olunan abidələr e.ə. IV-III əsrə aid tunc dövründən başlayaraq, bütpərəstlikdən və islama qədər geniş bir tarixi dövrü əhatə edir. Maraqlı cəhətlərdən biri odur ki, arxeoloji qazıntılar zamanı buradan 50-dən çox qəbir daşı aşkar olunmuşdur. Buradan da göründüyü kimi Azərbaycanda məzar daşlarının bir neçə növü var (başdaşı, sənduqə qoç, at heykəlli məzar daşları) Qəbirlərin istiqаməti оnlаrın əksəriyyətinin müsəlmаn qəbirləri оlduğunu göstərir. Başdaşları, sənduqə formalı məzar daşları həndəsi və nəbati ornamentlərlə, müxtəlif sujetli kompozisiyalarla bəzədilir, mərhumun cinsini və hansı peşə sahibi olduğunu nümayiş etdirirdi. İslam dövrü məzar daşları həndəsi və nəbati ornamentlərlə, quran ayələri məzmun parçalarla bəzədilmişdir.
Ekspozisiyada rast gəlinən insan şəkilli daş fiqur təsvirləri bütpərəstlik dövrü abidələridir ki, öz massivliyi ilə seçilirlər. Azərbaycan ərazisində bu tipli daş fiqurların aşkar edilməsi heç də təsadüfi deyil. Mənbələr göstərir ki, türkdilli xalqlar islam dinini qəbul etməmişdən qabaq hər bir igidin məzarı üstə insan fiqurlu heykəllər qoyarmışlar.
Qoç heykəlli məzar daşları isə Azərbaycanın cənub şəhərlərindən şimal-qərb ərazilərinə qədər yayılmışdır. Qoç qədim türk tayfalarının totemi - Allahı idi. Hal-hazırda burada “açıq səma altında muzey” açılmış və məzar daşları şəklində bədii daşyonma sənəti nümunələri nümayiş olunur.