Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyi

“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyi  Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 1964-cü ildə yaradılmışdır. Sarayın inşa edilməsinin əsası Şirvanşah I İbrahim tərəfindən XIV əsrdə qoyulmuş, digərləri tərəfindən davam etdirilmişdir.

XV əsr memarlığının şah əsəri, VI-XVI əsrlərdə mövcud olmuş Şirvanşahlar dövlətinin hökmdarlarına məxsus Şirvanşahlar Sarayı orta əsr mədəniyyətinin, elmin, sənətin və bütün mənəvi gözəlliklərin ucalığını özündə ehtiva edən yeganə saraydır. Saray Kompleksi 52 otaqlı saray binasını, Divanxana, Seyid Yəhya Bakuvi türbəsi, Key Qubad məscidinin qalıqları, Şərq Portalı, Saray məscidi, Şirvanşahların ailəvi türbəsi və Saray hamamı abidələrini özündə birləşdirir.

Saray Yaşayış binasının I mərtəbəsində otaqların sayı 27 idi. Burada saray kitabxanasına xidmət edən dəftərxana, xəttat və rəssamların otaqları, mətbəx, ərzaq otaqları, xidmətçi otaqları və s. yerləşirdi. Vaxtilə 25 otağı olmuş II mərtəbədə isə taxt-tac otağı, zəngin kitabxana, şirvanşah və ailəsinə aid istirahət və s. otaqlar vardı. Şirvan daim diqqət mərkəzində olmuş, bərəkətli torpaqları yadellilərin çəkişmələr meydanına çevrilmişdi. Çox təəssüflər olsun ki, əsrlər keçdikcə saray əldən-ələ keçmiş, varidatı talan edilərək, müxtəlif yollarla başqa ölkələrə daşınmış, daşınmaz varidatı isə vəhşicəsinə məhv edilmişdir. Səyyahların məlumatları, eləcə də saray ərazisindən tapılmış lekal formalı şirli kaşı nümunələri təsdiq edir ki, saray eksteryerdən mavi bəzəkli günbəzlərə malik imiş. Bədr Şirvaninin Divanından aydın olur ki, sarayın əsas günbəzi digərlərindən fərqli olaraq qızıl təbəqəsi ilə üzlənibmiş. Günbəzlərin səthindəki çox nəfis işlənmiş, mavi-qızılı çalarlı, şəbəkə naxışlı kaşılar günəş şüaları altında göydəki ulduzlar təki bərq vurarmış. Sarayın bütün tikililəri əhəng daşı olan yerli badamdar daşından inşa edilmişdir. Daşların bir-birinə pərçim edildiyi kütlə möhkəmliyi, hörgü sırası isə mütənasibliyi və səliqəsi ilə hər zaman heyrət doğurmuşdur. Bu gün Saray otaqlarında qurulmuş ekspozisiyalarda rəqəmsal texnologiyalardan istifadə edilməklə, sarayın əsrlər öncə dağıdılmış günbəzinin kaşı bəzəkləri, hökmdar taxtı, animasiyalı orta əsr miniatürü və s. nümayiş etdirilir, saray əhlinin, qulluqçuların gündəlik həyat tərzi əks olunur.

Divanxana (XV əsr) Şirvanşahların saray kompleksinin ən klassik əsəridir. Abidənin incə daşoyma arabeskaları əsrlərdir ki, ziyarətçiləri valeh edir. Naxışların relyef dərinliyi bəzi yerlərdə 4-5 sm-ə çatır. Portalın sağ və sol haşiyəsindəki altıguşəli medalyonlarda orta əsr ərəb “kufi” xətti ilə müsəlmanların müqəddəs sözləri yazılmışdır ki, onlar da özü-özlüyündə rombları əmələ gətirmişdir. Divanxananın o dövrün siyasi hadisələri ilə əlaqədar yarımçıq qalmış inşaatı bu gün də təyinat funksiyasına dair müzakirələr doğurur.

Seyid Yəhya Bakuvinin türbəsi (XV əsr) Saray kompleksinin orta həyətində yerləşir. Səkkizguşəli türbə el arasında “Dərviş” türbəsi kimi də tanınır. Bir çox ehtimallara görə, türbə Azərbaycanın Şirvan bölgəsində dünyaya göz açmış məşhur alim Seyid Yəhya Bakuvinindir. Bütün dünyada tanınmış bu alim ensiklopedik biliyə malik ilahiyyatçı, həm də tanınmış sufi olmuşdur. Seyid Yəhyanın əsasən ərəb dilində yazmiş olduğu, fəlsəfə, tarix, astronomiya, təbabət və riyaziyyata dair elmi əsərləri hazırda dünya kitabxana və muzeylərini bəzəyir. 

Sarayın orta həyətində Key Qubad Məscidinin (XIV əsr) konservasiya edilmiş fraqmentləri qalmaqdadır. Abidə Azərbaycanlıların 1918-ci il mart soyqırımı zamanı erməni daşnakları tərəfindən atılmış artilleriya mərmisi ilə dağıdılmışdır. Ehtimal ki, məscid XIV əsrdə yaşamış  Şirvanşah I Keyqubad tərəfindən tikilmişdir.

Sultan Murad darvazası (1585-1586) saray kompleksinin XVI əsrə aid olan yeganə abidəsidir. Bu abidə Şirvanşahlar dövləti devrildikdən sonra türklərin Bakıda olması dövrünün yeganə nümunəsidir. Portaldakı pannoda memarın adı həkk edilmişdir: “Ustad-sənətkar Əmirşah Vəlyankuhinin darvazası”.

Şirvanşahların Ailə türbəsinin (1435-1436) girişi üzərində həkk edilmiş yazıda deyilir ki, böyük sultan Şirvanşah Xəlilullah bu türbəni öz anası və 6-7 yaşlı oğlu üçün inşa etdirmişdir. Şirvanşahın digər ailə üzvləri də sonradan bu türbədə dəfn edilmişdir. Türbə çoxşüalı ulduzlarla bəzədilmiş günbəzlə tamamlanır. Günbəzin çökək səthləri əvvəllər firuzəyi rəngli kaşılarla bəzədilibmiş. Təəssüf ki, kaşılar qorunub saxlanmamışdır.

Şah Məscidinin (1441-1442) minarəsinin hündürlüyü 16 metrdir. Kitabəsində bu minarənin XV əsrdə Şirvanşah Xəlilullah tərəfindən tikdirildiyi qeyd edilmişdir. Təəssüf ki, minarənin daş şərəfəsi də XVIII yüzillikdə rus çar donanmasının gəmilərindən atılmış mərmi zərbəsindən dağılmışdır. Məscidin üç girişi, qadın və kişilərin ayrı ibadət etməsi üçün iki otağı vardır. Əsas girişin qarşı tərəfində Məkkənin istiqamətini bildirən mehrab yerləşir.

Şah ailəsinə mənsub olmuş hamam (1438) 1939-cu ildə aparılmış arxeoloji qazıntı işləri zamanı aşkar edilmişdir. O, bütün şərq hamamları kimi yarı yerin altında, yarı yerin üstündə inşa edilməklə, qışda isti, yayda isə sərin olurmuş. Hamamın  otaqları vaxtilə günbəzlərlə örtülmüşdür. Divarlarında son dərəcə gözəl işlənmiş ornamentlərin izləri indi də nəzərə çarpır. Kaşı bəzəklərinin bəzi qalıqları təkcə sağ küncdəki otaqda qalmışdır.

“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyi  Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında «İçəri şəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin müstəqil qurumu olaraq fəaliyyət göstərir. Saray Kompleksi 2000-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş, 2013-cü ildə isə həmin təşkilat tərəfindən gücləndirilmiş  mühafizə statusu almışdır.

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı
ICOM AZƏRBAYCAN
“Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Mİllİ Komİtəsİ” İctimaİ Bİrlİyİnİn yenİ sədrİ seçİlİb
06/04/2024
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin növ...
Ətraflı