Böyükdaş, Kiçikdaş və Cingirdağ dağlarının ərazisini əhatə edən Qobustan qoruğu bu dağlardakı qayaüstü rəsmləri qorumaq üçün 1966-cı ildə yaradılmışdır. Bu qayaüstü rəsmləri isə 1939-cu ildə arxeoloq İshaq Cəfərzadə aşkar etmişdir. 2007-ci ildə Qobustan qayaüstü rəsmləri UNESCO-nun “Dünya Mədəni İrsi” siyahısına salınmışdır.
Qobustanda Üst Paleolit dövrünün sonundan son Orta əsrlərədək olan dövrü əhatə edən, təxminən 15 000 il ərzində yaradılmış, 6000-dən çox petroqlif aşkar edilmişdir. Arxeoloji qazıntılar nəticəsində qoruq ərazisində 20-yə yaxın yaşayış məskəni və 40 kurqan aşkar edilmişdir. Arxeoloji qazıntılar zamanı əldə olunmuş 100000-dən çox artefakt qoruğun fondlarında qorunur.