Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

Azərbaycan Dövlət Kənd Təsərrüfatı muzeyi

Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi respublikanın ilk muzeylərindən biridir. Bu muzeyin yaradılması haqqında ideya 1922-ci ildə meydana gəlmişdi.  1923-cü ilin oktyabr ayında Azərbaycan SSR Xalq Torpaq Komissarlığı Azərbaycan Fəhlə - Kəndli Deputatları Sovetinin qurultayının açılışı münasibətilə Bakı şəhərində müvəqqəti kənd təsərrüfatı sərgisi təşkil etdi.

Sərgidə respublikada kənd təsərrüfatının vəziyyətini əks etdirən müxtəlif eksponatlar, dioqram və fotoşəkillər, ölkənin fiziki-coğrafi, torpaq, iqlim, demoqrafik xüsusiyyətləri və s. nümayiş olunurdu. Sərgini qısa müddət ərzində (oktyabr 1923 – 10 yanvar 1924) 8.000 insan ziyarət etdi. Bu böyük marağı nəzərə alaraq dövlət Azərbaycan SSR Xalq Torpaq  və Xalq Ticarət Komissarlıqlarının  təşəbbüsü ilə respublika əhəmiyyətli Kənd Təsərrüfatı və Ticarət-Sənaye Muzeyinin yaradılması haqqında qərar verdi. 1924-cü ilin sonunda muzey artıq 23 otaqdan ibarət 340 m² sahəni əhatə edirdi və iki şöbəyə ayrılırdı: kənd təsərrüfatı və sənaye şöbələri. Kənd təsərrüfatı şöbəsinə elm-maarif; əkinçilik və bitkilərin qorunması; heyvandarlıq; meliorasiya; meşə təsərrüfatı; k/t maşın və avadanlıqları; ovçuluq və kustar sənaye bölmələri,  sənaye şöbəsinə isə geologiya-kəşfiyyat; dağ-zavod sənayesi; neft; texniki istehsal; fəaliyyətdə olan mexanizmlər, qurğular, maşınlar; Xəzər dənizi və balıqçılıq sənayesi bölmələri aid idi.

1925-ci ildən  fəaliyyətinə artıq elmi təmayüllü idarə kimi davam edən muzey respublikanın ictimayi-siyasi, mədəni həyatında da böyük rol oynayırdı. Həmin ildə keçirilən beynəlxalq Paris sərgisində  Azərbaycan pavilyonunun muzey tərəfindən hazırlanması və respublikanı  təmsil etməsi də bu faktı  təsdiq  edir.

1926-cı ildə muzey Xalq Torpaq Komissarlığına verildi və  Kənd Təsərrüfatı Muzeyi adlandırıldı.  Əsasnaməsində deyildiyi kimi elmi-təbliğat, mədəni-maarif və elmi-tədqiqat idarəsi olan muzeyin fəaliyyəti bundan sonra daha da genişləndi. 1926-cı ilin fevralında muzeydə Azərbaycanda ilk dəfə Toxum-nəzarət Stansiyası təşkil olundu. Həmin dövrdə muzeydə kimya və fotoqrafiya laboratoriyaları, geniş kitabxana da fəaliyyət göstərirdi.  1927-ci ildə isə Azərbaycanda heyvandarlığın vəziyyətinin öyrənilməsi məqsədilə prof. İ.İ.Kaluginin rəhbərliyi ilə təşkil olunan ekspedisiyanın materialları muzeyə verildi. Bu materiallar arasında 489 heyvan kəlləsi, 571 yem nümunəsi, 1880 yun nümunəsi, 2700 ədəd (heyvanlar, onların saxlanıldığı  yer və otlaq sahələrinin fotoşəkilləri) fotoşəkil var idi. Muzeyin 1923-1946-cı illər üçün olan hesabatında bildirilir ki, burada  yaşıl sahə, respublika əhəmiyyətli emalatxana-laboratoriya da fəaliyyət göstərmişdir.  1930-cu ildən muzey artıq bayramlar, qurultaylar, müxtəlif k/t tədbirləri munasibətilə  səyyar sərgilər təşkil etməyə başladı. 1936-1938-ci illərdə  isə öz fəaliyyətini genişləndirmək, bölgələrdə təbliğat və maarifləndirmə işini gücləndirmək məqsədilə Kirovabad (ind. Gəncə), Nuxa (ind. Şəki), Naxçıvan, Quba və Lənkəranda muzey öz filiallarını yaratmışdı.  Hazırda muzeydə əmək qəhrəmanı S.Qazıyevanın Beyləqan rayonunda yerləşən xatirə muzeyi filial kimi fəaliyyət göstərir.

Yarandığı gündən maarifləndirmə və təbliğat işinə xüsusi fikir verən, muzey bu məqsədlə tez-tez sərgilər və mühazirələr təşkil edir. Onun fondu foto-neqativlərdən, məişət və etnoqrafiya nümunələrindən, rəsm əsərləri və tətbiqi incəsənət nümunələrindən və s. ibarətdir. Muzeyin ekspozisiyası həmişə kənd təsərrüfatının təbliğində ən təsirli silah olmuşdur.  O, daim yenilənir və respublikada kənd təsərrüfatının müasir vəziyyətini əks etdirən yeni materiallarla zənginləşir.           

Muzeyin fəaliyyət sahəsi çox genişdir.  Burada respublikamızda yaşayan xalqların tarixini,  əkinçilik mədəniyyəti ilə bağlı adət və ənənələrini geniş kütləyə tanıtmaq məqsədilə sərgilər, görüşlər, televiziya kanalları ilə birlikdə verilişlər təşkil olunur. Milli və dövlət bayramlarımız, xüsusi anım günləri müxtəlif tədbirlərlə qeyd edilir. Həm də  elmi idarə olan muzeydə  respublikamızın kənd təsərrüfatının bütün sahələri haqqında geniş məlumatlar toplanmış və Azərbaycan Kənd Təsərrüfatı Ensiklopediyası hazırlanaraq I cildin siqnal nüsxəsi çap olunmuşdur.  Muzey 2014-cü ildən  YUNESKO-nun  nəzdindəki Beynəlxalq Muzeylər  Şurasının  (İCOM) üzvüdür.

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı