1977-ci ildən etibarən hər il Beynəlxalq Muzeylər Şurası (ICOM) beynəlxalq muzey ictimaiyyəti üçün unikal hadisə olan Beynəlxalq Muzeylər Gününü təşkil edir.
Beynəlxalq Muzeylər Gününün məqsədi ictimaiyyətin diqqətini muzeylərin mədəni mübadilənin, mədəniyyətlərin zənginləşdirilməsinin və xalqlar arasında qarşılıqlı anlaşmanın, əməkdaşlığın və sülhün təbliğinin mühüm vasitəsi olduğuna cəlb etməkdir. Beynəlxalq Muzeylər Günü tədbirləri hər il mayın 18-də keçirilir. Tədbirlərin müddəti məhdud deyil, onlar bir gün, həftə sonu və ya bütün həftə davam edə bilər. İlk dəfə Beynəlxalq Muzeylər Günü 40 il əvvəl qeyd edilmişdir. Hər il getdikcə daha çox muzey Beynəlxalq Muzeylər Günündə iştirak edir: keçən il - 158 ölkədən 37.000 muzey.
Builki Beynəlxalq Muzeylər Gününün mövzusu “Muzeylər, təhsil və tədqiqat”dır. O, hərtərəfli təhsil təcrübəsinin təmin edilməsində mədəniyyət müəssisələrinin mühüm rolunu vurğulayır və daha şüurlu, dayanıqlı və inklüziv bir dünyanın yaradılmasına təkan verir.
Muzeylər maraq, yaradıcılıq və tənqidi düşüncəni təşviq edən dinamik tədris mərkəzləri kimi xidmət edir. Onlar incəsənət və tarixdən tutmuş elm və texnologiyaya qədər dünya haqqında anlayışımızı formalaşdırmaq üçün təhsil və tədqiqatların bir araya gəldiyi mühüm məkanlardır. Bu il ICOM muzeylərin tədqiqatlarını geniş işıqlandıracaq və yeni ideyaların öyrənilməsi və yayılması üçün platforma yaradacaq.
2020-ci ildən etibarən hər il Beynəlxalq Muzeylər Günü BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən bir sıra müddəaları dəstəkləyir. 2024-cü ildə diqqətimizi aşağıdakılara yönəldəcəyik:
· Məqsəd 4: Keyfiyyətli təhsil – hamı üçün inklüziv və bərabər keyfiyyətli təhsili təmin etmək və ömürboyu təhsil almaq imkanlarını təşviq etmək
· Məqsəd 9: Sənaye, innovasiya və infrastruktur – möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməni təşviq etmək və innovasiyaların inkişafına dəstək vermək.
2024-cü ilin Beynəlxalq Muzeylər Günü çərçivəsində ICOM təhsilin yenidən nəzərdən keçirilməsini və bilik mübadiləsinin maneələri aşdığı, yeniliklərin ənənələrlə birləşdiyi gələcəyi təsəvvür etməyi təklif edir. Muzeylərin təklif edəcəyi zəngin bilikləri araşdırmaq və birlikdə daha məlumatlı və inklüziv dünya qurmaq üçün bizə qoşulun!