Əziz həmkarlar!
Beynəlxalq Muzeylər Günü münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirəm! Bu gün bizim üçün ikiqat bayramdır! Nəhayət ki, iki ay davam edən karantin dövründən sonra biz doğma muzeylərimizə qayıtdıq və bugündən qonaqlarımızı qəbul etməyə hazırıq.
Fəxrlə qeyd edə bilərəm ki, biz – muzey işçiləri, bu sınaqdan böyük uğurla çıxdıq.
Düzdü, insanların sağlamlığının hər şeydən üstün olması muzeyin məcburi bağlanmasını zəruri etdi. Ancaq bu yeni onlayn iş rejimi bizə yeni auditoriyalar açdı. Belə ki, müasir texnologiyalar evdə qalaraq sosial həyatımızı da, fəaliyyətimizi də, bir-birimizlə ünsiyyəti də davam etdirməyə imkan verdi. Odur ki, biz muzey işçiləri olaraq insanlara şəraitin doğurduğu zamanlarını səmərəli keçirməyə kömək etdik. Artıq istər kiçik, istərsə də dünya şöhrətli muzeylər online dünyasını fəth edərək hamı üçün əlçatan oldu. Öz gözəl eksponatları və onlar haqqında maraqlı məlumatlarla cəmiyyəti özünəqapanmadan xilas etdi. Bunun bariz nümunəsi olaraq “Gözəllik dünyanı xilas edəcək” misalı keçdiyimiz dövr ərzində muzeylərin leytmotivinə çevrildi. Məcburi izolyasiya dövründəki iş fəaliyyətimiz bizə yaxşı təcrübə qazandırdı.
Bir daha muzey ictimaiyyətini peşə bayramı münasibəti ilə təbrik edir, ilk növbədə sizə və yaxınlarınıza möhkəm cansağlığı, bu çətin və şərəfli fəaliyyətinizdə böyük uğurlar, muzeylərimizin qapılarını qonaq üzünə daim açıq olmasını arzulayıram!