Əziz muzey işçiləri!
18 may-Beynəlxalq Muzeylər Günü münasibətilə hər birinizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, tarix və mədəniyyətin, maddi-mənəvi dəyərlərin mühafizə edildiyi muzeylərimizin inkişafı istiqamətindəki məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayırıq!
Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər, dayanıqlılıq və rifah” devizi altında keçirilir. Müasir dünyada muzeylər malik olduqları müxtəlif imkanlar vasitəsilə dayanıqlı gələcəyin formalaşdırılmasına öz töhfələrini verirlər. Buraya BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə daxil olan müddəalar da aiddir. Qlobal iqlim dəyişikliyinə qarşı fəaliyyətdə iştirak etmək, sosial təcridi aradan qaldırmaq, inklüzivliyi təmin etmək, cəmiyyətin psixi sağlamlıq məsələlərinə diqqət yetirmək kimi məsələlər bu gün muzeylərin fəaliyyət sahəsini əhatə edən vəzifələrdəndir. Bütün bunlar onun qloballaşan dünyada malik olduğu gücü və önəmli sosial statusunu vurğulayır.
Hörmətli həmkarlar, muzey əməkdaşları,
İnanırıq ki, çətin və fədakar əməyinizlə muzeylərimizin mədəni və sosial həyatda tutduğu yer, oynadığı rol daha da möhkəmlənəcək, həyata keçirdiyimiz işlər cəmiyyətdə dayanıqlı rifahın təmin olunmasına daim layiqli töhfələrini verəcək.
Şirin Məlikova
ICOM Azərbaycan Milli Komitəsinin sədri